`Lotu Quli`nin qohumuna hökm oxunub


19:05     08 Dekabr 2017 lotu%20quli3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qohumu Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə M. Namazovun vəkilləri müdafiə çıxışı ediblər.

Məhəbbət Namazov son sözündə bəraət hökmünün çıxarılmasını istəyib.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən M. Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror onun 4 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitə əldə etmə, saxlama), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 597